ABŞ-ın Azərbaycandakı səfiri məcburi köçkünlərlə görüşdü
ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın qərb bölgəsinə səfəri çərçivəsində Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı şəhərcikdə olub.
APA TV-nin məlumatına görə, öncə səfir Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədovla görüşüb.
Sonra qonaqlar şəhərcikdə məcburi köçkün uşaqlarının tərbiyə aldığı uşaq bağçasına baş çəkiblər.
Səfirin sözlərinə görə, Kəlbəcərdən olan məcburi köçkün ailəsi ilə söhbətdən aydın oldu ki, Dağlıq Qarabağ münaqişəsi mücərrəd və abstrakt bir münaqişə deyil: “Bu münaqişənin humanitar tərəfləri, yəni fəsadları var. Biz söhbət əsnasında bunun şahidi olduq. Bu, dondurulmuş münaqişə adlansa da, heç də belə deyil. Təmas xəttində hər gün insan itkiləri baş verir”.
Səfir bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan xarici işləri nazirləri ilə daim təmasdadırlar: “Onlar çalışırlar ki, prezidentlərin görüşünü təşkil etsinlər. Əsas məqsəd tərəfləri bir araya gətirmək və münaqişənin dinc yolla həlli istiqamətində irəliləyişə nail olmaqdır”.
Robert Sekuta onu da deyib ki, ABŞ Çanaqqala zəfərinin 100 illik yubileyində iştirak etməyə bilər: “ABŞ rəsmilərinin hansı tədbirdə iştirak edəcəyi ilə bağlı qərarı rəsmi Vaşinqton verir. Amma bir şeyi bilirəm ki, ABŞ I dünya müharibəsində iştirak etmədiyi üçün ola bilsin ki, ölkəmiz Çanaqqala zəfərinin qeyd olunmasına qatılmasın”.