Bakıda Çanaqqala savaşının ildönümünə həsr edilmiş filmin təqdimatı oldu

Bakıda Çanaqqala savaşının 100-cü ildönümünə həsr edilmiş “Son məktub” filminin təqdimatı olub.

 

APA TV-nin məlumatına görə, təqdimat mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin “Son məktub” filminin təqdimat mərasiminin iştirakçılarına məktubunu oxuyub. Məktubda deyilir ki, Çanaqqala savaşının  qəhrəmanlarının yaratdığı obraz, onların azadlıq və dövlətçilik arzuları bir millət-iki dövlətin - Türkiyə və Azərbaycanın timsalında gerçəkliyə çevrilib: "Hər iki ölkə dinamik şəkildə inkişaf edir. Hər iki ölkə qarşılıqlı əməkdaşlığın, sülh və təhlükəsizliyin təmin olunmasına sanballı töhfələr verir. Müasir dövrdə dünyanın siyasi mənzərəsi əsaslı şəkildə dəyişmiş, vaxtilə Çanaqqala savaşında üz-üzə dayanan dövlətlər eyni dəyərləri bölüşərək dinc şəraitdə yaşayıb, yeni əməkdaşlıq yoluna qədəm qoyublar. Bununla belə, təəssüf ki, regionumuzda barışa, əmin-amanlığa, xalqlar arasında dostluq və əməkdaşlıq mühitinin yaranışına yönəlmiş təhdidlər hələ də qalmaqdadır".

 

Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun göstərdiyi diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib. Səfir qeyd edib ki, prezidentin bu diqqəti Azərbaycan-Türkiyə qardaşlığının daha bir təcəssümüdür.

 

Diplomat Çanaqqalada baş vermiş qanlı döyüşlərdən söz açaraq bildirib ki, bu gün yüz il əvvəl ölüm-dirim mübarizəsinin yaşandığı bir an yad edilir.

 

Filmin ssenari müəllifi və rejissoru Özhan Eren, baş rolun ifaçısı, Azərbaycan əsilli aktrisa Nəsrin Cavadzadə ekran əsərinin ərsəyə gəlməsi barədə danışıblar. Aktrisa çəkildiyi filminin doğulub böyüdüyü şəhərdə təqdimatından qürur duyduğunu vurğulayıb.

 

Sonra filmin nümayişi olub.

 

Filmin ssenarisi Çanaqqala savaşından dövrümüzə gəlib çatan bir məktubun əsasında hazırlanıb. Əsas rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyn Avni Danyal, Bülent Şakrak, Nərmin Hüseynova və Barbara Sotelsekin çəkildikləri ekran əsəri təyyarəçi Salih Ekrem ilə Nihal adlı tibb bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin günlərində onlar Fuat adında kimsəsiz uşağı himayəyə götürürlər. “Kiçik qazi Fuat” ləqəbli bu uşaq Salih Yüzbaşı ilə tibb bacısı Nihalın arasındakı ülvi sevginin yeganə şahidi olur.

Müəllif | Apa.Tv
Apa.tv