Əliağa Şıxlinskinin 150 illik yubileyi ilə bağlı tədbir keçirilib

"General-leytenant Əliağa Şıxlinski Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılmasının təşəbbüskarı olub. Azərbaycan prezidenti İlham Əliyev Əliağa Şıxlinskinin 150 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Bu sərəncama müvafiq olaraq bu il Şıxlinskinin anadan olmasının 150 illik yubileyi və bununla bərabər onun Azərbaycanda xidmətlərinə dair müxtəlif araşdırmaların, tədbirlərin keçirilməsi sərəncamda xüsusi vəzifə kimi qoyulub".

 

APA TV-nin xəbərinə görə, bu sözləri general-leytenant Əliağa Şıxlinskinin 150 illik yubileyi münasibətilə keçirilən tədbirdə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

 

Onun sözlərinə görə, Əliağa Şıxlinski təkcə Azərbaycan milli ordusunun formalaşmasında mühüm xidmətlər göstərməyib: "Eyni zamanda  Azərbaycanda insanların həyatının, onların fəlakət qarşısındakı qayğılarının, problemlərinin aradan qaldırılmasında, ümumiyyətlə, fövqəladə hallarda insanların xilas olunmasında onlara lazımı yardımların - humanitar fəlakət qarşısında qalan insanlara təcili tibbi və digər yardımların göstərilməsi işində mühüm rolu və xidmətləri olub”.

 

Ə.Həsənov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti 23 ay yaşadı, ancaq cümhuriyyət dövründə təməli qoyulan bir çox işlər müstəqillik illərində davam etdirildi: “Heydər Əliyev Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etdi. Qızıl Aypara Cəmiyyəti də cümhuriyyət dövründə yaradılıb və biz bu gün Qızıl Aypara Cəmiyyətinin 95 illiyini qeyd edirik. 1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaradılması ilə bağlı qanun qəbul edildi, insanlara fövqəladə hallarda ilkin yardım göstərilməsi sahəsində Qızıl Aypara Cəmiyyətinin rolu müəyyənləşdi. Azərbaycan prezidenti İlham Əliyevin son sərəncamı ilə Qızıl Aypara Cəmiyyətinin fəalları müxtəlif orden və medallarla təltif edilib. Mən bu gün həmin orden və medalları Qızıl Aypara Cəmiyyətinin fəallarına təqdim edəcəyəm”.

 

Daha sonra Əli Həsənov Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanova və cəmiyyətin fəallarına orden və medalları təqdim edib.

 

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruzəli Aslanov Azərbaycan Xalq Cümhuriyyəti, Sovet dövrü və ölkəmizin müstəqillik qazandıqdan sonra rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən, onun qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllində rolundan danışıb. Bildirilib ki, müstəqillik dövründə prezident İlham Əliyev tərəfindən Azərbaycan Qızıl Aypara Cəmiyyətinə yardımla bağlı 9 sərəncam imzalanıb.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı