Allahşükür Paşazadə: "Ermənistanın özünü “məzlum qurban” kimi təqdim etməsi siyasi riyakarlıqdır"

"Əfsuslar olsun ki, müasir dövrdə biz cəmiyyət və insan həyatına ciddi hədə olan hadisələrlə, özünü İslama aid edən radikal dini təriqətlərin və cərəyanların dağıdıcı fəaliyyəti ilə qarşılaşırıq. Görünən odur ki, müsəlman dünyası böyük bir təhlükə və sonu fəlakətə apara biləcək təxribatlarla üz-üzə qalıb".

 

APA TV-nin xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq elmi konfransın açılış mərasimində bildirib.

 

Onun sözlərinə görə, biz Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ torpaqlarının işğalını, Xocalı soyqırımını, erməni ekstremistlərinin mütəmadi terrorunun acılarını yaşayan, məscidlərin dağıdılmasının, tarixi abidələrimizin məhv edilməsinin şahidi olan bir xalqın nümayəndələriyik: "Bu fəlakətləri özümüzdə yaşadığımız üçün İraqdakı qətliamları, Suriyadakı qardaş qırğınlarını, hər gün İŞİD-in törətdiyi rəzalətləri, Qüdsdəki hərbi cinayətləri və terror aktlarını qətiyyətlə pisləyirik. İki yüz ildən artıq bir dövr ərzində azərbaycanlılara qarşı mütəmadi deportasiya və genosid siyasəti aparan Ermənistanın özünü dünyaya “məzlum qurban” kimi təqdim etməsini siyasi riyakarlıq hesab edirik. Həqiqi faktları təhrif edərək erməni soyqırımını tanıyanlar gerçək Xocalı qətliamını görməzlikdən gəlir, bu günə qədər bu faciənin tam şəkildə real hüquqi-siyasi qiymətini verə bilmirlər".

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə isə bildirib ki, Azərbaycanda müxtəlif dinlərə sitayiş edən bir çox xalqlar yaşayır və ölkəmizin bütün vətəndaşları bərabərhüquqludurlar: "İslamın ümumbəşəri ideyalarına əsaslanan mənəvi dəyərlərin qorunması və inkişafı dövlət siyasətinin ən mühüm istiqamətlərindəndir. Sivilizasiyanın beşiklərindən biri olan Azərbaycanda bir çox dinlər münbit şəraitlə qarşılaşıb və hazırda bu kiçik ərazidə, yəni Odlar Yurdunda atəşpərəstlərin məbədləri və yəhudi sinaqoqları, Avtokefal Qafqaz Albaniyası, Rus Pravoslav və Katolik kilsələri mövcuddur".

 

AMEA prezidenti deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə bir sıra beynəlxalq forumlar keçirilir, bu forumlarda multikulturalizmin və dini dözümlülüyün aktual məsələləri müzakirə olunur.

 

Müəllif | Apa.Tv