Bakıda “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans keçirilir

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “İslam maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

 

APA TV-nin xəbərinə görə, konfrans AMEA Rəyasət Heyətinin qərarı əsasında akademiya, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Tədbiri giriş nitqi ilə açan AMEA prezidenti Akif Əlizadə Azərbaycanda müxtəlif dinlərə sitayiş edən insanların yaşadığını, onlar üçün bütün lazımi şəraitin yaradıldığını deyib.

 

Dövlət müşaviri Kamal Abdulla prezident İlham Əliyevin tədbir iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında bildirib ki, bu gün baş verən məzhəblərarası münaqişələr əslində İslamın problemi deyil: "Bu, İslamın kimlərinsə əlində vasitəyə çevrilməsindən irəli gəlir. Bu da özünü dini münaqişələr şəklində büruzə verir. Radikal qrupların fəaliyyəti İslamı gözdən salmağa yönəlib. Xüsusən Qərbdə islamafobiyanın yaranmasına səbəb olur. Dünyadakı problemlərin həlli üçün bütün dünya xalqlarının, bütün dini mənsubların birləşməsi vacibdir. Hazırda dünyada 80-ə yaxın alovlanmış silahlı münaqişə var. Təəssüf ki, onların çoxu İslam ölkələrinə xasdır. Onların arasında xüsusilə təriqətlərarası, məzhəblərarası münaqişələr üstünlük təşkil edir. Bu cür münaqişələrin aradan qaldırılması üçün səylərin birləşməsi vacibdir”.

 

Komitə sədri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi zamanı dini abidələri məhv etməsi məsələsinə də toxunaraq bildirib ki, monoetnik ölkə olan Ermənistan təkcə Azərbaycana yox, İslam dininə də təcavüz edib. İşğal etdiyi ərazilərdə 900-dən çox abidələri, o cümlədən məscidləri məhv edib.

 

İki gün davam edəcək toplantının yekununda Bəyannamə və konfrans iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunacaq.

 

Müəllif | Apa.Tv