Prezident İlham Əliyev yeni metro qatarları ilə tanış olub

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakı Metropolitenində olub.

 

APA TV-nin xəbərinə görə, dövlət başçısı Bakı Metropoliteninin Nəriman Nərimanov adına elektrik deposunda metropolitenin qatar parkının yenilənməsi məqsədilə paytaxta gətirilən yeni qatarlarda yaradılan şəraitlə maraqlanıb.

 

"Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynov dövlət başçısına məlumat verib ki, alınan qatarlar texniki innovasiyalar baxımından 4-cü nəslə mənsubdur. Bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir. Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Yeni nəsil vaqonların banı paslanmayan metaldandır və bu qatarlarda əvvəlkilərdən fərqli olaraq, vaqonlararası birbaşa keçid var. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub. Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi.

 

Bildirilib ki, qısa vaxtda Bakı Metropoliteninin infrastrukturunun beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində görülmüş əhəmiyyətli işlərdən biri də burada Diaqnostika Kompleksinin yaradılmasıdır.

Müəllif | Apa.Tv