Şəmkirdə beynəlxalq şahmat turniri başladı

Mərhum şahmatçımız, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2015” superturnirinin açılış mərasimi keçirilib.

 

APA TV-nin məlumatına görə, mərasim Şəmkirdə Heydər Əliyev Mərkəzində təşkil olunub.

 

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlümjinov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Faiq Həsənov, iştirakçı şahmatçılar, millət vəkilləri və digərləri iştirak ediblər.

 

Öncə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ötən il keçirilən “ShamkirChess 2014″ turnirinə həsr olunmuş videoçarx nümayiş olunub.

 

Mərhum şahmatçımızın atası Qasım Həşimov turnirdə dünyanın ən güclü şahmatçılarının iştirakının Vwqar Həşimovun beynəlxalq aləmdəki hörmətinin göstəricisi olduğunu bildirib. Sonuncu dəfə dünya çempionu olandan sonra iyun ayınadək heç bir yarışda iştirak etməyəcəyini desə də, dəvəti qəbul edib Şəmkirə gəldiyinə görə Maqnus Karlsenə təşəkkür edən Qasım Həşimov bütün dünyada şahmatla maraqlanan hər kəsin diqqətinin Şəmkirə yönəldiyini vurğulayıb.

 

Daha sonra püşkatma mərasiminə start verilib.

 

Qeyd edək ki, yarış aprelin 26-dək davam edəcək.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli