Azərbaycanlı milyarderin qardaşının evindən külli miqdarda narkotik tapıldı

Bakı sakininin yaşadığı evdən külli miqdarda narkotik vasitə aşkar edilib.

 

APA TV-nin məlumatına görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Əsgərov Habil Əsgər oğlunun yaşadığı evin həyətindən hər birinin çəkisi 35 qram olan 22 ədəd çətənə kolu, evdən isə 5 kiloqram 167 qram marixuana aşkarlanıb.

 

Narkotik vasitələrin tapıldığı ev Habil Əsgərova aid deyil. Saxlanılan şəxs həmin evdə qarovulçu işlədiyi bildirilir. Mənzil sahiblərinin evə nadir hallarda gəlməsindən istifadə edən qarovulçu bağda çətənə kolları becərib.

 

Narkotik vasitələrin əkildiyi mülk Rusiyada yaşayan məşhur azərbaycanlı milyarder İsgəndər Xəlilovun qardaşı Ramiz Xəlilova məxsusdur. Saxlanılan Habil Əsgərov Ramiz Xəlilovun evində işləməzdən əvvəl Xəlilov qardaşlarının sahibi olduğu Bakı Əyləncə Mərkəzində (BƏM) aşpaz da işləyib. Son məlumata görə, Habil Əsgərov izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Müəllif | Apa.Tv
Apa.tv