Bəşər Əsəd: "İŞİD-in ən qəddar liderləri Skandinaviya ölkələrinin vətəndaşlarıdır"

"İŞİD terrorçularının liderləri əsasən Skandinivaya ölkələrinin vətəndaşlarıdır". APA TV-nin məlumatına görə, bunu İsveçin "Expressen" qəzetinə açıqlamasında Suriya prezidenti Bəşər Əsəd deyib.

 

Əsəd onların çox təhlükəli və qəddar olduqlarını vurğulayıb. O, həmçinin İsveç hökumətinə Suriyalı qaçqınları qəbul etdiyinə təşəkkür edib. "Düşünürəm ki, bu bütün dünyanın minnətdarlıqla qarşılayacağı bir jestdir, çünki terrorizm hansısa ölkənin və ya regionun deyil, dünyanın problemidir" - deyə Suriya prezidenti əlavə edib.

 

Qeyd edək ki, İsveç 2013-cü ildə Suriyadan qaçqınlara öz qapılarını açıb onlara sığınacaq verən ilk Avropa dövlətidir. Hazırda bu ölkədə Suriyalı miqrantların sayı rekord həddədir. Bu il onların sayı 90 min nəfərə çatıb. Onlar xüsusi mərkəzlərdə kompakt halda yerləşdiriliblər. Hər bir qaçqın şəhərciyində 650 nəfərə qədər suriyalı yaşayır. Əvvəl bu rəqəm 200 idi.

 

Xatırladaq ki, Suriyada davam edən hadisələr 2011-ci ildən başlayıb. Bununla əlaqədar on minlərlə insan ölkədən qaçıb, ölənlərin sayı 200 min nəfəri keçib. Ölkədə bir neçə silahlı qruplaşmalar biri-biri ilə, həmçinin hökumətə qarşı döyüşür. Onların ən təhlükəlisi İŞİD-dir.

Müəllif | Apa.Tv
Apa.tv