DSMF-də PROST modeli üzrə keçirilən təlimlər başa çatıb
Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Pensiya İslahatları Seçimləri üzrə Simulyasiya Aləti kimi xarakterizə edilən PROST modeli üzrə keçirilən təlimlər başa çatıb.
APA TV-nin xəbərinə görə, bununla bağlı DSMF Dünya Bankı ilə birgə brifinq-təqdimat keçirib.
Fondun sədr müavini Zakir Babayev bildirib ki, DSMF tərəfindən çoxşaxəli funksional fəaliyyət planına start verilib və hazırda müxtəlif strateji istiqamətlər üzrə kompleks tədbirlər həyata keçirilir. İlkin olaraq fonddaxili struktur və institusional platformanın təkmilləşdirilməsi məqsədilə müvafiq struktur vahidinin və aktuar qrupun formalaşdırılması və komplektləşdirilməsi tədbirləri icra edilib, həmçinin daxili texniki və institutsional potensialın artırılması məqsədilə bir sıra donor təşkilatları ilə intensiv təlim proqramlarının keçirilməsi razılaşdırılıb.
Dünya Bankının eksperti Tatyana Boqomolova PROST modelinin əhəmiyyətindən söz açaraq bildirib ki, Dünya Bankı tərəfindən hazırlanmış bu model dünyanın 100-ə yaxın ölkəsində tətbiq edilib.
DSMF-nin Proqnozlaşdırma şöbəsinin müdiri Fərid Baxşıyev təqdimatla çıxış edərək, PROST modelinin konseptual aspektləri barədə ətraflı məlumat verib. Bildirilib ki, modelin üstünlüyü müxtəlif ölkələrin pensiya sistemlərinə çevik adaptasiya oluna bilməsidir. Təlimdə iştirak etmiş DSMF əməkdaşlarına Azərbaycan üzrə işlənib hazırlanacaq PROST modelinin istifadəsi üzrə Dünya Bankının sertifikatı və lisenziyası veriləcək.