Bu da yeni metro qatarları... - REPORTAJ
Metro istifadəçilərinə şad xəbər var. Bakıya yeni qatarlar gətirilib. Bu qatarlar texnikimi imkanlarına görə 4-cü nəslə aiddir. Onları əvvəlki qatarlardan fərqləndirən əsas xüsusiyyətlərdən biri burada vaqonlararası keçid imkanı mövcuddur.
APA TV-nin xəbərinə görə, bu nəsil qatarların idarə edilməsi mikroprosessor əsasında həyata keçirilir. Əvvəlki nəsil qatarlardan fərqli olaraq, yeni qatarların dartı mühərrikləri dəyişən cərəyanla işləyir. Əgər əvvəlki nəsil qatarların mühərriklərinin gücü 114 kilovat idisə, indi bu rəqəm 170 kilovat təşkil edir. Köhnə vaqonların çəkisinə gəlincə, əvvəllər bu göstərici baş vaqon üçün 38, aralıq vaqon üçün 36 ton təşkil edirdi. İndi isə yeni nəsil vaqonlarda baş vaqonun çəkisi 34, aralıq vaqonun çəkisi 29 tondur. Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb. Vaqonların salonunda “hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.
Bu barədə metropolitenin mətbuat katibi Nəsimi Paşayev məlumat verib: "Yeni nəsil vaqonların banı paslanmayan metaldandır. Həm onların istifadə olunan boyaları, bütün texniki göstəricilər digərlərindən fərqlənir. Həmçinin sərnişinləri daha çox maraqlandıran məsələ. Vaqonlarda isitmə, soyutma, havalandırma sistemi var. Kondisionerlər quraşdırılıb".
Qatarlar Fransa şirkəti ilə "Bakı Metropoliteni" QSC arasında 2014-cü ildə imzalanan müqavilə əsasında alınıb. 5 vaqondan ibarət 3 qatar tərkibindən ikisi artıq Bakıdadır, biri isə hazırda Həştərxan şəhərindən Bakı istiqamətində yoldadır. Yeni nəsil vaqonların tutumu 330 sərnişin təşkil edir. Köhnə vaqonlarda isə bu rəqəm 308 idi.
Vaqonun salonunda "Hərəkətli sətir" sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları quraşdırılıb. Qatarların hərəkətini problemsiz təmin etmək üçün yeni Diaqnostika Kompleksi yaradılıb. Mərkəzin rəisi Əbazər Aslanbəyov bildirib ki, qeydiyyatın hamısı lazer şəkilində və video şəkilində aparılır. Əvvəl lazer şəkilində kənaraçıxmaları qeydə alınır, xətti videolar isə ötən gedişlərlə müqayisə şəkilində kənaraçıxmaları müşahidə edir.
Bu qurğu qatarların səlis və rahat hərəkətinə maneə yarada biləcək bütün fıziki amillərin qeydiyyatı və analizinə, qüsurların qabaqcadan proqnozlaşdırılması və avtomatik nəzarətə götürülməsinə, bütün əməliyyatların xətti video şəklində qeydə alınmasına və digər tədbirlərin aparılmasına imkan verəcək.