Mübariz Qurbanlı KİV rəhbərləri ilə görüşdü

“Azərbaycanda kiçik xristian təriqətlərinin və radikal islamçı cərəyanların yayılması üçün münbit şərait yoxdur”.

 

APA TV-nin məlumatına görə, bunu Mətbuat Şurasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə “Milli-mənəvi və dini dəyərlər: Tarixilik, müasirlik” mövzusunda KİV rəhbərləri ilə keçirilən görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

 

Mübariz Qurbanlı qeyd edib ki,  ki, XXI əsrdə İslam dininə sitayiş edənlərin sayı dünya əhalisinin yarısına bərabər olacaq: “Biz ənənəvi İslam ölkəsiyik və ərazimizdə istər buddizm, istər xristianlıq, istərsə də digər dini cərəyanların təsiri genişlənə bilməz. Missionerlik üçün dünyanın elə bölgələri var ki, orada fəaliyyət göstərmək olar. Ona görə də mən xristian ölkələrindən gəlib kiçik təriqətləri yaymaq istəyənlərə deyirəm ki, sizin yaymaq istədiyiniz təriqətlər üçün Azərbaycanda yer yoxdur. Radikal islamçı cərəyanlar üçün də Azərbaycanda münbit şərait yoxdur, çünki biz həm klassik İslam ölkəsiyik, həm də bizə dünyəvilik xasdır. Milli düşüncəmiz, dünyəviliyə bağlılığımız Azərbaycanda fanatizmə meylli islami qrupların yer almasına imkan vermir”.

 

Mübariz Qurbanlı vurğulayıb ki, Azərbaycanın tolerant ölkə olmasına baxmayaraq, heç bir zərərli dini cərəyanların ölkəmizdə yayılmasına, fəaliyyətinə imkan verilməyəcək. Onun fikrincə, dini və milli kimlik məsələsində milli kimlik məsələsinə üstünlük verilməli, islamofobiya ilə zərərli cərəyanlara qarşı mübarizə qarışdırılmamalıdır: “Biz islamofobiya ilə mübarizə aparmalıyıq. Bəzən hansısa Avropa ölkəsində bir aksiya keçirilir, bunu islamofobiya kimi qəbul edirik. Araşdıranda, məlum olur ki, o aksiyada hətta o ölkədəki məscidin xadimi də iştirak və çıxış edib. Yəni İslam dininə qarşı aksiyadan yox, İslam adı altında radikal baxış və əməllərə qarşı olmaqdan söhbət gedir. Biz də bu kimi meyllərə qarşı olmalıyıq. Həm də nəzərə almalıyıq ki, İslam dini ilə bağlı ən mötəbər araşdırma mərkəzləri elə ABŞ və Avropada yerləşir. O mərkəzlər də İslam dinində hansısa məqamlardan istifadə etməyi daha yaxşı bilir”.

 

Mübariz  Qurbanlı bildirib ki, dini baxışların zorla qəbul etdirilməsinə yol vermək olmaz və Azərbaycan Konstitusiyası bu sahədə vətəndaşların hüquqlarını qoruyur. 

Müəllif | Apa.Tv
Apa.tv