Azərbaycanda Respublika fənn olimpiadalarının final mərhələsi başlayır
Sabahdan Bakıda Respublika fənn olimpiadalarının 3 günlük final mərhələsi keçiriləcək.
APA TV-nin məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramlar şöbəsinin pilot layihələrlə iş sektorunun aparıcı məsləhətçisi Fuad Qarayev deyib.
Onun sözlərinə görə, təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən 2014-15-ci tədris ili üçün respublika fənn olimpiadalarının keçirilməsi ilə əlaqədar yeni qaydalar təsdiq edilib. Yeni qaydalara əsasən, respublika fənn olimpiadaları 3 mərhələdə keçirilir: “İlk mərhələ rayon mərhələsi, ikinci yarımfinal turu, üçüncüsü isə finaldır. Yanvardan etibarən proses davam edir. İlk mərhələdə bütün Azərbaycandan 22 min şagird iştirak edib. Onların arasından yarımfinala ən yaxşı 4 min şagird seçilib. Mart ayında olimpiadanın zona mərhələsi keçirilərək, onların arasından ən yaxşı 480 nəfəri seçdik və onlar da final mərhələdə iştirak edəcək. Respublika fənn olimpiadalarının final mərhələsi aprelin 18-20-də keçiriləcək. Olimpiada 8 fənn üzrə keçirilir və burada texniki (riyaziyyat, kimya, fizika, biologiya, informatika) və humanitar fənlər (Azərbaycan dili , tarix və coğrafiya) yer alır. Olimpiadadan uğurla keçən şagirdləri beynəlxalq olimpiadalarda iştirakını təmin edəcəyik”.
Fuad Qarayev əlavə edib ki, builki fənn olimpiadalarındakı əsas dəyişikliklərdən biri də prosesin obyektiv, şəffaf və müsbət rəqabət şəraitində keçirilməsi ilə bağlıdır: “Buna görə də yenilik olaraq şagirdlər final mərhələsində imtahanlardan çıxdıqdan sonra onlara sualların cavabları və qiymətləndirmə meyarları paylanacaq. Şagirdlər nəticələr açıqlanana qədər öz yazıları ilə tanış ola biləcək, bir gün sonra münsiflər heyəti ilə birlikdə nəticələrin təsdiqi mərhələsi başlayacaq. Nəticədən narazı olan şagirdlər münsiflərin heyətinin qarşısında öz yazdıqlarını müdafiə edə biləcəklər. Digər dəyişiklik budur ki, final mərhələsində iştirak edəcək 480 şagirdin 50%-i, yəni 240 nəfəri I, II, III yerlərlə təltif olunacaqlar”.
Nazirlik rəsmisi bildirib ki, beynəlxalq fənn olimpiadalarına hazırlıq bu gün Təhsil Nazirliyinin qarşısında duran əsas məsələlərdən biridir: “Artıq Bakı və Sumqayıt şəhərində beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb, hazırda həmin mərkəzlərdə işlər davam etməkdədir. Hər iki mərkəzdə ümumi fənlər üzrə 100-dən çox şagird olimpiadaya hazırlıq məşqlərində iştirak edir. Böyük ehtimalla ayın sonunda bu şagirdlər üçün yay olimpiada məktəbi təşkil ediləcək”.
Qeyd edək ki, Respublika fənn olimpiadalarının final mərhələsinin informasiya dəstəyi “APA Holding”ə məxsusdur.