Samuxda qonşu qonşunu amansızcasına döydü

Samux rayonunda iki qonşu arasında su arxı üstündə yaranan mübahisə dava-dalaşla nəticələnib.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, onlardan biri əlindəki bel ilə digərinə amansız zərbələr endirib.

 

Hadisə rayonun Qarayeri qəsəbəsində baş verib. Qəsəbə sakini, 38 yaşlı Əflatun Əliyev qonşusu tərəfindən amansızcasına döyülüb. Belə ki, dava zamanı yerə yıxılan Əflatunun sinə və kürək nahiyələrinə qonşusu əlindəki bel ilə bir neçə zərbə endirib. Ağır travma alan Əflatun Əliyev Gəncə şəhərinə, Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə aparılıb. Onun vəziyyətinin sabitləşdiyi bildirilir.

 

Yaralı bildirib ki, mübahisə onların və qonşunun həyətini su ilə təchiz edən arx üstündə düşüb.

 

Faktla bağlı Samux rayon Polis İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli