MTN-in Hərbi Hospitalında beynəlxalq elmi-praktik konfrans keçirildi
Milli Təhlükəsizlik Nazirliyinin Hərbi Hospitalında torakal cərrahiyyə üzrə beynəlxalq elmi-praktik konfrans keçirilib.
APA TV-nin xəbərinə görə, tanınmış xarici mütəxəssislərin də iştirak etdiyi konfransda mövzuya aid məruzələr dinlənilib.
Konfransın əhəmiyyətini vurğulayan hospitalın rəisi Rüfət Əliyev belə tədbirlərin keçirilməsinin tibb sahəsində gənc kadrların bu sahəni daha dərindən mənimsəməsi istiqamətində böyük rola malik olduğunu bildirib.
Hospital rəisi dövlət tərəfindən respublikanın səhiyyə sahəsində həyata keçirilən islahatlar, insan sağlamlığının qorunması istiqamətində görülən tədbirlər haqqında məlumat verib. O bildirib ki, ölkəmizdə tibb mütəxəssislərinin səhiyyə sahəsində yeni texnologiyalar, diaqnostika və müalicə üsulları barədə biliklərini artırması üçün hər cür şərait yaradılıb.
Çıxış edən digər yerli və xarici mütəxəssislər də hospitalın təşəbbüsü ilə bu müasir səhiyyə ocağında keçirilən konfransın böyük əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Tədbirdə torakal cərrahiyyədə baş verən yeniliklər, əldə edilən nailiyyətlər haqqında verilən məlumatların gənc nəsil cərrahların təcrübəsinə yaxşı təsir edəcəyi və Azərbaycanda torakal cərrahiyyənin inkişafına böyük töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, torakal cərrahiyyə döş qəfəsi orqanlarında aparılan əməliyyatlardır. Belə əməliyyatlar həm açıq, həm də endoskopik şəkildə aparılır.