Bakıda 39 yaşlı qadın siqareti alnında söndürən yeznəsini bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib. Bu dəfə əlini qana bulayan 39 yaşlı qadın olub. Hadisə Binəqədi rayon sakini Yelena Bobrovaya məxsus mənzildə baş verib. Hadisə günü Yelenanın ad gününə yığışan qohumları yeyib-içiblər. Bu zaman Yelenanın yeznəsi Abbasov İlham Vaqif oğlu evdə siqaret çəkməyə başlayıb. Mənzil sahibi isə buna etirazını bildirib. Nəticədə yaranan mübahisə sonda bıçaqlanmaya səbəb olub. Hadisə vaxtı həm zərərçəkən şəxs, həm də cinayəti törətməkdə şübhəli bilinən qadın sərxoş olub.

 

Yelena Bobrova yeznəsini siqareti onun alnında söndürməyə çalışdığı üçün vurduğunu deyib:

"Siqareti yandırdı. Mən dedim ki, ya söndür, ya da çıx bayırda çək. O, siqareti mənim alnımda söndürdü. Mən də bıçaqla vurdum"

 

Hadisədən sonra zərərçəkən şəxs özü maşına minərək xəstəxanaya gedib. Həkimlər tərəfindən tibbi yardım göstərilən İlham Abbasovun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Saxlanılan Yelena Bobrova isə ifadəsi zamanı yeznəsi ilə əvvəllər də problemlər yaşadığını bildirib. 

 

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar zamanı bıçaqlanma hadisəsinin dəqiq səbəblərinə aydınlıq gətiriləcək.

Müəllif | Apa.Tv