Davudoğlunun Ermənistan qarşısında Azərbaycan şərti

Türkiyədə Avropa Parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qərarına yüksək səviyyədə etirazlar davam edir. APA TV-nin məlumatına görə, baş nazir Əhməd Davudoğlu qərara münasibət bildirərkən Türkiyənin Ermənistanla mehriban qonşuluğa hazır olduğunu bəyan edib. Amma, rəsmi Ankaranın bunun üçün ən başlıca şərti Ermənistanın da Azərbaycanla yaxşı qonşuluq quracaq addımlar atmasıdır.

 

Əhməd Davudoğlu dünya ölkələrinin liderlərinə və parlamentlərinə xəbərdarlıq edib: "Kim olursa olsun, tarixi bilgiyə, arxiv məlumatlarına istinad etmədən millətimizi tarix qarşısında mühakimə etmək istəyənlərə qarşı mövqeyimiz açıq və sərt olacaq. Barışmağa, acıları paylaşmağa hazırıq. Amma iş boyun əyməyə gələndə, bizi heç kim boyun əyməyə məcbur edə bilməz".

 

Belçikanın Flaman bölgəsindəki Mexelen şəhərində isə türklər qondarma "soyqırımı" abidəsinin ucaldılması təşəbbüsünə qarşı çıxırlar. Türklər şəhər bələdiyyəsinin binası qarşısına toplaşaraq, bələdiyyənin abidənin ucaldılmasına icazə verilməsini pisləyiblər.

 

Qeyd edək ki, Mexelenin Şuttervest bulvarında abidənin qoyulmasına hazırlıq işlərinə başlanılıb, beton bünövrə hazırlanıb.

Müəllif | Apa.Tv
Apa.tv