ABŞ-da Azərbaycan diasporunun üzvü övladlarının gözü qarşısında boğuldu

ABŞ-da fəaliyyət Azərbaycan diasporunun 35 yaşlı nümayəndəsi Mirzə Müzəffərov bədbəxt hadisənin qurbanı olub. APA TV-nin məlumatına görə, hadisə aprelin 12-də baş verib.

 

Mərhumun dostu, ABŞ vətəndaşı Rauf Qarayev "Vesti. az"a xəbəri təsdiqləyib. O, hadisənin balıq ovu zamanı Çikaqo yaxınlığında "Vooster lake" gölündə  baş verdiyini deyib: "Biz dostlarımızla, həmişə olduğu kimi, balıq ovuna getmişdik. Göldə uşaqları ilə birgə balıq ovlayarkən qayıq anidən çevrilib. Onun övladlarını xilas etmək mümkün olsa da, Mirzə Müzzəfərovun həyatını qurtara bilmədik. Uşaqları isə amerikalı dostumuz Nik Santyaqo xilas edib. Xilasediciler onun meyitini həmin axşam tapıblar".

 

Rauf Qarayevin sözlərinə görə, Mirzə Müzzəfərovun üç azyaşlı övladı olub: "Mirzə çox yaxşı dost idi. Biz diaspor nümayəndələri onun dəfn xərclərini və uşaqlarının təhsil xərclərini öz üzərimizə götürmüşük".

 

Qeyd edək ki, Mirzə Müzəffərov Ahıska türkü olub. O, Mingəçevirdə böyüyüb, tikinti biznesi ilə məşğul olub. Rauf Qarayev mərhumun Amerikada təhsil alan azərbaycanlı gənclərə daim kömək etdiyini, işsiz azərbaycanlıların qayğısına qaldığını bildirib.

 

Allah rəhmət eləsin!

 

Müəllif | Apa.Tv
Apa.tv