Bəşər Əsəd Avropaya xəbərdarlıq etdi

"Suriyadakı münaqişə daxili problem deyil, hazırda məsələyə beynəlxalq nəzarətin istənilən səviyyədə olmaması qonşu dövlətlərdə terrorçuların baş qaldırmasına da gətirib çıxarır".

 

APA TV-nin "Euronews"a istinadən xəbərinə görə, bunu Suriya prezidenti Bəşər Əsəd İsveçin "Expressen" nəşrinə müsahibəsində deyib.

 

Bölgədə sülhün əldə edilməsi üçün göstərilən təşəbbüslərdən də danışan Əsəd bütün bu addımların xarici hərbi müdaxilələr nəticəsində boşa çıxdığını bildirib: "Buna misal olaraq mən Hələbdə baş verənləri örnək kimi göstərə bilərəm. Türkiyə o vaxt BMT-nin nümayəndəsi Staffan de Mistura ilə əməkdaşlıq etməkdənsə, silahlı qruplaşmaları və terrorçuları dəstəklədi və qorudu. Buna görə də bölgədə sülhə doğru hesablanan bütün planlar puç olacaq. Bu istiqamətdə biz uğuru o zaman əldə edə bilərik ki, region ölkələri terrorçuları dəstəkləməyi dayandıracaq və Suriyanın daxili işlərinə qarışmayacaqlar".

 

Bəşər Əsəd Avropa ölkələrinə də xəbərdarlıq edib: "Hazırda Şimali Afrikada vəziyyət qarışıqdır. Avropa bu vəziyyət düzəlməyincə, təhlükəsizlikdən danışmasın. Terror və xaos hər an ora arxa qapıdan daxil ola bilər".

Müəllif | Apa.Tv
Apa.tv