Yəmən yenə bombalandı, "Əl-Qaidə" və İŞİD zərər görmədi

"Ərəb koalisiyası" Yəməndə hakimiyyəti devirmiş şiə-husi üsyançılarının mövqelərinə aviazərbələri intensivləşdirib.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, faktı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Baş Qərargahın yüksək çinli nümayəndəsi təsdiqləyib.

 

Bildirilib ki, əsas hədəf şiə birliklərinin nəzarətində olan neft anbarları və onların Səəd şəhərində möhkəmləndikləri ərazilərdir. Baş Qərargah nümayəndəsi əlavə edib ki, koalisiya qüvvələrinin bombardmanlarından bölgədəki "əl-Qaidə" və İŞİD qruplaşmaları heç bir zərər görməyiblər.

 

"Həlledici hücum" əməliyyatından əsas məqsəd əvvəldən bəllidir. Planda "əl-Qaidə" və İŞİD-ə zərbələrin endirilməsi nəzərdə tutulmayıb. Onlarla mübarizə bizim yox, beynəlxalq koalisiyanın işidir. Buna baxmayaraq, adı çəkilən qruplaşmalara qarşı İraqda və Suriyada keçirilən əməliyyatlara biz də dəstək veririk" - deyə qeyd olunub. Bu arada BMT şiə-husi üsyançılarını silahı yerə qoymağa və danışıqlara getməyə çağırıb. Onlar isə bombardmanların dərhal dayandırılmasını tələb edir və aviazərbələri kənar müdaxilə kimi qəbul etdiklərini bildirirlər.

Müəllif | Apa.Tv
Apa.tv