Roman oxuyursunuzmu? - SORĞU

Azərbaycanda mütaliə mədəniyyətinin aşağı düşməsi ilə bağlı fikirləri tez-tez eşidirik. Təbii ki, istəyən kitab oxumağa həmişə vaxt tapır, oxumayan isə bir çox bəhanələr uydurur. Bəhanələrdən biri də əsərlərin irihəcmli olması ilə bağlıdır. Söhbət romanlardan gedir. Görəsən, Bakı sakinləri necə, roman oxuyurlarmı?

 

- "Həyatımız bir romandır. Elə mənim də adım Romandır. Qəzetləri oxuyuram. Onlar da romandır. Orta məktəbdə oxumuşam, adları yadıma qalmayıb".

 

- "Kimyagər" Braziliya romanıdır. Gənclik haqqındadır. Gənc vaxtı insan özü üçün o qədər arzular, məqsədlər qurur ki... O romanı oxuyandan sonra başa düşdüm ki, insanı arzu, məqsəd yaşadır, amma hər şey həyata keçmir. Vərəq üzərində yazılıbsa, vərəq üzərində, beynimizdə planlaşdırılıbsa, beynimizdə qalır. Hansılara ki, gücümüz çatır, onları həyata keçiririk".

 

- Xoşum gəlmir, maraqlanmamışam.

 

- "Mən çox roman oxumuşam. "Brilliant məsələsi", "Qara volqa", "Cəbhədən cəbhəyə", "Dumanlı Təbriz", "Dodaqdan Qəlbə"... Yadımda olan elə bunlardır. Sovet vaxtı bütün romanları elə yazırdılar ki, inqilabla əlaqələnsin. Əgər o formada yazmasaydılar, o yazıçıya qiymət vermirdilər. İndi oxumağa hövsələm yoxdur.

 

- Mən çox mütaliə eləmişəm. Amma yadımdan çıxıb.

 

- Uşaq vaxtı Süleyman Rəhimovun "Şamo", Mehdi Hüseynin "Həyat" romanlarını oxumuşam. Çoxu yadımdan çıxıb. İndi oxumuram. Ancaq televiziyaya baxıram.

 

- Ümumiyyətlə, oxumuram. Ali məktəbə hazırlaşıram, vaxt olmur.

 

- Çoxdan oxumuşuq, yadımızdan çıxıb. Kitabla aramız çox yoxdur.

Müəllif | Apa.Tv
Almaz Qasımova