“Sağlam qida - sağlam nəsil” müsabiqəsinə yekun vuruldu

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı proqram Koordinasiya ofisinin “Pətək” yeni nəslin mənəvi tərbiyəsi ictimai birliyinin təşkilatçılığı ilə məktəblərdə keçirilən “Sağlam qida - sağlam nəsil” müsabiqəsinə yekun vurulub.

 

APA TV-nin məlumatına görə, məktəblərarası maarifləndirici sərgi formasında “Sağlam gələcək naminə birləşək!” şüarı altında keçən müsabiqəyə 16 orta məktəb 8 bədii təqdimat, 260 inşa yazısı və 56 elektron təqdimatla qoşulub.

 

TİKA-nın Bakı Proqram koordinatoru Mustafa Haşim Polat bildirib ki, uşaqları ziyanlı qidalardan qorumaq üçün onların maarifləndirilməsi, vaxtlarının səmərəli axtarışlara yönəldilməsi və daha sağlam nəslin yetişməsinə nail olmaq məqsədilə orta məktəblərdə “Sağlam qida - sağlam nəsil” müsabiqəsinin ikinci mərhələsi həyata keçirilib: "Məqsədimiz uşaqların sağlam ruhda böyüməsi və sağlam həyat tərzi keçirməsi üçün qidalanmalarına fikir verməsi, eləcə də onları bir arada görməkdir. Burda sağlam olmaq üçün bir klub da qururuq. Artıq yeni nəsillər nə yeyəcəklərinə diqqət yetirəcəklər. Çünki yaşından asılı olmayaraq, hər bir insan qida maddələrinin tərkibini bilməlidir. Çünki sonradan yaranan xərçəng adlı xəstəliyin qarşısını almış oluruq".

 

Münsiflər heyətinin qərarı ilə II mərhələyə keçən təqdimat və inşa yazılar qiymətləndirilib və qaliblər müəyyənləşdirilib.

 

Tədbirdə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və digər dövlət strukturlarının nümayəndələri, orta məktəb direktorları iştirak ediblər.

Müəllif | Apa.Tv
Apa.tv