Azərbaycanlı "qanuni oğru" "Tolik Noqinski" Moskvada həbs olundu

Moskva polisi "Tolik Noqinski" ləqəbli "qanuni oğru"nu həbs edib.

 

APA TV-nin "Vesti.az"a istinadən xəbərinə görə, saxlanılan zaman onun üzərindən tapança götürülüb.

 

Moskva vilayətinin Noqinsk şəhərində xüsusi təyinatlı dəstə tərəfindən Keçirilən əməliyyat nəticəsində tutulan şəxsin 32 yaşlı azərbaycanlı, "Tolik Noqinski" ləqəbli Taleh Qəribxan oğlu Dağlıyev olduğu müəyyənləşib. Onun kriminal aləmdə kifayət qədər tanınmış sima olduğu bildirilir. Dağlıyevdan silahla bərabər, güllələr də aşkarlanıb.

 

Rusiya Daxili İşlər Nazirliyindən də faktı təsdiqləyiblər. Məlum olub ki, "Tolik Noqinski"yə "qanuni oğru" titulu ötən ilin sentyabrında Türkiyədə baş verən hadisələrə görə verilib. Onun "xaç atası" "Blondin" ləqəbli şəxsdir. İstanbulda kriminal aləmin marağında olan "söhbət"ə görə daha iki nəfərə - "Vlad Şarap" və "Maks Pioner Penzenski"yə də ad verilib. Bundan əlavə, "qanuni oğru" adı ilə "Zabava" və "Jora Daşkəndski" də "mükafatlandırılıblar". Bu şəxslərin "təltif" olunmasına telefon vasitəsilə "Vova Puxlıy", "Turok", "Nika Qaqarinski", Namiq və "Lotu Quli" qardaşları, həmçinin gürcü Merab Mzarelua da dəstək veriblər. Adı çəkilən şəxslərdən "Maks Pioner Penzenski" və "Zabava" barədə polisin məlumatı az olsa da, "Vlad Şarap" haqqında kifayət qədər informasiya var. O, hazırda Verxneuralski həbsxanasında vəziyyətə nəzarət edir.

Müəllif | Apa.Tv
Apa.tv