Respublika fənn olimpiadalarının final mərhələsinin açılış mərasimi keçirildi

Aprelin 18-də Respublika fənn olimpiadalarının final mərhələsinin açılış mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər (rayon) məktəblərindən 480 şagird iştirak edir.

 

Təhsil Nazirliyinin Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri Emin Əmrullayev bildirib ki, bu il fənn olimpiadalarının keçirilməsində bir sıra yeniliklər tətbiq olunub. Əvvəlki illərdən fərqli olaraq, bu il fənn olimpiadaları üç mərhələdə keçirilib.

 

 

"Olimpiadanın I - rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22000 şagird iştirak edib. 3700 şagird olimpiadaların yarımfinal mərhələlərində iştirak edib. Ən nəhayət, 3700 şagirddən ən yaxşı 480 nəfəri bugünkü final mərhələsinə dəvət etmişik".

 

Əvvəlki illərdən fərqli olaraq, yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları açıq şəkildə deyil, ilkin mərhələdə test sınağı formasında tətbiq olunub.

 

 

Hər bir iştirakçı müsabiqə bitdiyi anda doğru cavablarla təmin ediləcək ki, öz cavabları ilə həmin doğru cavabları müqayisə edə bilsin. Eyni zamanda olimpiadanın 3-cü günü müsabiqədən sonrakı gündə apelyasiya təşkil olunacaq.

 

Yeniliklərdən biri də bu il olimpiada fənləri sırasına coğrafiya fənninin əlavə edilməsidir.

 

 

Qeyd edək ki, final mərhələsində iştirak edən şagirdlərin 240 nəfəri mükafatçılar sırasına daxil olacaq. Bununla yanaşı, ilk dəfə olaraq iştirakçılar arasında hər fənn üzrə “birincilərin birincisi” nominasiyası üzrə qalib müəyyənləşdiriləcək və beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizəd şagirdlər seçiləcək. Olimpiada iştirakçılarını bilik yarışına tam motivasiya etmək üçün onlar tədbirin keçirildiyi 3 gün ərzində "Kempinski Badamdar Hotel"ində qalacaq və asudə vaxtını səmərəli təşkili üçün hər cür şərait yaradılacaq.

 

Respublika fənn olimpiadalarının final mərhələsinin informasiya dəstəyi "APA Holding"ə məxsusdur.

Müəllif | Apa.Tv
Apa.tv