Tarixin ən böyük gəmi qəzası: Aralıq dənizində 700 nəfər batdı

Liviya sahillərində göyərtəsində 700 miqrant olan gəmi batıb. APA TV-nin xəbərinə görə, faciə Lampedusa adası yaxınlığında qeydə alınıb.

 

Liviyadan İtaliyaya 700-ə qədər miqrantı daşıyan gəmi qəzaya uğrayıb. Qəza nəticəsində gəmidə olan 700 nəfərdən 49-u xilas edilib. Xilasedicilər 24 nəfərin cəsədini sudan çıxarmağa müvəffəq  olublar. Hazırda itkin düşən digər miqrantların axtarışı davam etdirir. Axtarış-xilasetmə əməliyyatlarında İtaliya və Malta gəmiləri, habelə vertolyotlar iştirak edir.

 

“France-Presse” agentliyi yazır ki, digər şəxslərin öldüyü təsdiqlənsə, bu, qeyri-leqal yolla Avropaya yetişmək istəyən miqrantların batması ilə nəticələnən ən irimiqyaslı gəmi qəzası olacaq.

 

Hökumətin təcili toplantısını keçirən İtaliyanın baş naziri Matteo Renzi dünya dövlətlərini qanunsuz miqrant məsələsində İtaliyanı tək qoyduqlarına görə sərt şəkildə qınayıb. O bildirib ki, az qala hər gün Ağ dənizdə gəmi qəzası baş verir.

 

Fransa prezidenti Fransua Olland bu məsələnin Avropanın ortaq problemi olduğunu  vurğulayıb.

 

Qeyd edək ki, bu həftə Aralıq dənizində daha iki gəmi qəzası baş verib. Qeyri-leqal miqrantları daşıyan hər iki gəmi Liviyadan İtaliya istiqamətində üzərkən baş verib. Aprelin 14-də baş verən qəzada 400, aprelin 16-da baş verən faciədə isə 41 miqrant ölüb.

 

Müəllif | Apa.Tv