Bakıda polisi öldürüb yandıran həmkarı tutuldu
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Bakıda polis əməkdaşının öldürülərək yandırılması faktı ilə bağlı birgə məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya daxil olan məlumatda qeyd olunur ki, paytaxtın hüquq-mühafizə orqanları əməkdaşlarının peşəkarlıqla həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir qətlin “isti izlər”lə açılması təmin edilib.
Belə ki, aprelin 18-də Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində üzərində zorakılıq əlamətləri olan yanmış naməlum kişi meyitinin aşkar edilməsi faktına görə Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə başlanmış cinayət işi üzrə aparılan intensiv araşdırmalarla meyitin İmişli Rayon Polis Şöbəsinin (RPŞ) polis nəfəri Muxtar Qadir oğlu Kazımzadə olması müəyyən edilib.
Araşdırmalarla o da müəyyən edilib ki, Muxtar Kazımzadə Xətai rayonunda yaşadığı mənzildə İmişli Rayon Polis Şöbəsində sürücü işləyən Ravil Nuruş oğlu İbayev tərəfindən tamah niyyəti ilə qətlə yetirilib, sonuncu cinayətin izini itirmək məqsədi ilə Muxtar Kazımzadənin meyitini Xəzər rayonu ərazisinə apararaq yandırıb.
Ravil İbayev aprelin 18-də şübhəli şəxs qismində tutulub və dindirilərkən törətdiyi cinayəti tam etiraf edib.
Cinayətin törədilməsində digər şəxslərin iştirakının olub-olmamasının müəyyən edilməsi istiqamətində Bakı Şəhər Prokurorluğunun İstintaq idarəsində cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.