Ağdamda tutulan erməni kəşfiyyatçı: “Basdırmaq üçün özümlə üç mina gətirmişdim”
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Eduardoviç Baqdasaryanın cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.
APA TV-nin qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə zərərçəkənlər və şahidlər ifadə verib.
Arsen Baqdasaryan məhkəmədə verdiyi ifadəsində Azərbaycan hərbçiləri tərəfindən saxlanılan zaman öncə özünü Vazgen Qriqoryan kimi təqdim etdiyini deyib. O, üzərində üç mina və onları basdırmaq üçün bıçaq olduğunu bildirib. Baş çavuş olduğunu deyən Arsen Baqdasaryan həmin minaları basdırmaq barədə komandirindən tapşırıq aldığını açıqlayıb: "Komandirin göstərişi ilə ərazini seçərək minalamaq əmri verildi. Post isə özümüz tərəfimizdən seçilmişdi. Vaxtı vədələşdik. Dedik ki, vədələşdiyimiz vaxtdan 5 dəqiqə keçsə, deməli, kimsə əsir düşüb. Mən baş çavuş olduğum üçün komandirə məlumat verməli idim. Mülki geyimdə, cibimdə qəpik pullarla gəldim ki, əsir düşsəm, guya sakin olduğumu deyim. Ona görə də silahsız gəldim. Xüsusi təlim keçmişəm və bu səbəbdən özümü Vazgen Qriqoryan kimi təqdim etmişəm".
O, həmçinin saxlanılan zaman Azərbaycan hərbçiləri tərəfindən zorakılığa məruz qalmadığını, hətta ona çay verildiyini də deyib.
Proses aprelin 27-də davam etdiriləcək.
Qeyd edək ki, ermənilərin kəşfiyyat-təxribat qrupunun üzvü olan peşəkar hərbi qulluqçu Arsen Baqdasaryan ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçmək istəyərkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayıqlığı nəticəsində yaxalanıb və hüquq-mühafizə orqanlarına təhvil verilib. Hazırda Respublika Hərbi Prokurorluğunda cinayətkar birliyin digər üzvləri barəsində cinayət işi ayrılmaqla, ibtidai istintaq davam etdirilir.