Norveç təyyarəsi Bakıda məcburi eniş etdi, sərnişin öldü

Ötən gün Norveç aviaşirkətinə məxsus Banqkok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib.

 

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli “APA-Economics”ə açıqlamasında bildirib.

 

Onun sözlərinə görə, həmin an təyyarənin göyərtəsində 288 sərnişin olub.

 

“Təyyarədə olan bir sərnişinin vəziyyəti kəskin pisləşdiyindən, təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib. Məcburi eniş 16:02-də baş verib və təcili olaraq həmin xətdə olan 57 yaşlı Danimarka vətəndaşı Alen Lasten və onunla yanaşı digər sərnişin reysdən çıxarılıb”, - deyə Məhərrəm Səfərli bildirib.

 

Xidmət rəisi əlavə edib ki, vəziyyəti pisləşən sərnişinlər 3 saylı Sabunçu şəhər xəstəxanasına ürək çatışmazlığı diaqnozu ilə yerləşdiriliblər. Məcburi eniş edən təyyarəyə AZAL tərəfindən bütün yerüstü xidmətlər göstərilib və təyyarə 17:37-də Kopenhangen istiqamətində uçuşa başlayıb.

 

Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Danimarka vətəndaşı, Alen Lasten aprelin 19-dan 20-nə keçən gecə ağciyər-ürək tutmasından vəfat edib. Həkimlərin səyinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb. Bakıya eniş edərkən qızı onun yanında olub. Hazırda meyit morqdadır və onun ölkəsinə təhvil verilməsi üçün müvafiq işlər aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv