Azərbaycan və Türkiyə şəhidləri Bakıda anıldı
Bakıda Azərbaycan və Türkiyə şəhidlərini anma tədbiri keçirilib.
APA TV-nin xəbərinə görə, “Keçmişdən gələcəyə Çanaqqala ruhu” mövzusunda sərgi-tədbir Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) və Gəncliyə Yardım Fondunun təşkilatçılığı ilə baş tutub.
Tədbirdə sıra dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər. Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun sədri Rauf Zeyni, millət vəkili Musa Qasımlı, TİKA-nın Bakı koordinatoru Mustafa Haşim Polat çıxış edərək Çanaqqala savaşının Türkiyə və Azərbaycanın ortaq tarixi olduğunu bildiriblər.
Daha sonra “Savalan” musiqi qrupunun ifasında qəhrəmanlıq nəğmələri səsləndirilib, şanlı Çanaqqala qələbəsini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirin sonunda Türkiyənin tanınmış yazıçısı Bahadır Yenişehirlioğlunun Bakı Dövlət Universitetinin müəllimi Mehriban Əbdürrəhimova tərəfindən Azərbaycan türkcəsinə uyğunlaşdırılan “Eşq Cəbhəsi” kitabının təqdimatı və müəllifin imza mərasimi keçirilib.