Azərbaycan prezidenti İranın müdafiə nazirini qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


APA TV-nin xəbərinə görə, dövlət başçısı Azərbaycanla İran arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə edib.

 

Dövlət başçısı müxtəlif səviyyəli qarşılıqlı səfərlərin rolunu vurğulayaraq, hərbi sahədə də əməkdaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib. Prezident İlham Əliyev İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri Hüseyn Dehqanın ölkəmizə səfərinin münasibətlərimizin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu deyib.


Nazir Hüseyn Dehqan İran-Azərbaycan münasibətlərinin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, ulu öndər Heydər Əliyevin müasir İran-Azərbaycan əlaqələrinin memarı olduğunu qeyd edərək, bu gün prezident İlham Əliyevin göstərdiyi siyasi iradə və qətiyyətin münasibətlərimizin gələcək inkişafı üçün möhkəm zəmin yaratdığını bildirib.

Görüşdə hərbi-texniki əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv