Bakı-2015 I Avropa Oyunlarının məşəli təqdim olundu
Bakı-2015 I Avropa Oyunlarının məşəli bu gün ictimaiyyətə təqdim olunub.
APA TV-nin xəbərinə görə, hündürlüyü 660 sm olan məşəlin gövdəsi Bakı-2015 brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır - onun 50 dənəsi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir.
Təqdimatda Azərbaycanın gənclər və idman naziri və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov, BAOƏK-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, Bakı-2015-in Mərasimlər şöbəsinin direktoru Katerin Uqvu və digər qonaqlar iştirak ediblər.
Gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, Avropa Oyunları Avropa idmanı və Azərbaycan üçün tarixi hadisədir. Bakı-2015-in məşəli aprelin 26-da Odlar Yurdu Azərbaycanın qədim və müqəddəs Atəşgah məbədində alovlandırılacaq. Daha sonra ölkə boyunca 60 rayona səyahət edərək Oyunların ruhunu yayacaq.
İnsanların qəlblərini isidəcək alov 47 gün sonra, iyunun 12-də təşkil olunacaq açılış mərasiminədək təxminən 5500 km məsafə qət edəcək.
Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, özünəməxsusluğu ilə fərqlənəcək bu səyahət Azərbaycanın tarixi, təbii imkanları, idman və mədəni sahədəki uğurlarını nümayiş etdirəcək. Alov hər məntəqədə Məşəl və Oyunların brendindən götürülmüş, nar ağacı motivləri əsasında Azərbaycanın milli-mədəni dəyərlərini əks etdirərək hazırlanmış neftlə yanan çıraqlara ötürüləcək.
Bakı-2015 Avropa Oyunlarının məşəlinin dizayneri Sebastian Berqne isə məşəlin Avstriya şirkəti tərəfindən hazırlandığını bildirib.
Məşəlin dizayneri Sebastian Berqnenin sözlərinə görə, məşəlin üzərindəki 50 element yarışa gələcək ölkələrin sayını göstərir: "Başlığın forması alov simvolunu xatırladır və bir neçə Olimpiya oyunları üçün məşəl hazırlayan məşhur Avstriya şirkəti tərəfindən hazırlanıb. Məşəl 5500 km məsafəni qət edəcək. Bunu mindən çox insan daşıyacaq və 132 nəqliyyat vasitəsindən istifadə olunacaq".
Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunları bu il iyunun 12-28-də keçiriləcək.