Rusiyada azərbaycanlı futbolçunu öldürən erməni tutuldu

Rusiya İstintaq Komitəsi Yekaterinburqda azərbaycanlı, 27 yaşlı Emil Hüseynovun qətli ilə bağlı məlumat yayıb.

 

APA-nın Rusiya bürosunun xəbərinə görə, məlumatda bildirilir ki, qətl hadisəsi aprelin 19-da səhər saatlarında Yekaterinburqun Çkalovski rayonunun Alpinistov küçəsində yerləşə kafedə qeydə alınıb. Rayonun hüquq-mühafizə orqanlarına kafedə insident baş verdiyi və nəticədə Emil Hüseynov adlı azərbaycanlının bıçaqlanaraq qətlə yetirildiyi barədə məlumat daxil olub.

 

Faktla bağlı cinayət işi başlanıb. Keçirilən əməliyyatla 1992-ci il təvəllüdlü bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Adı açıqlanmayan həmin şəxsin əvvəllər də məhkumluq həyatı yaşadığı məlum olub.

 

Ümumrusiya Azərbaycan Konqresinin Sverdlovsk Vilayəti üzrə regional bölməsinin sədri Şahin Şıxlinski APA-ya qətldə şübhəli bilinən şəxsin milliyətcə erməni Tiqran Çiçakyan olduğunu bildirib.

 

Qeyd edək ki, Emil Hüseynov sabiq futbolçu olub. O, karyerası ərzində "Neftçi", eləcə də artıq fəaliyyətini dayandırmış "Karvan" və "Abşeron" komandalarının formasını geyinib. 2011-ci ildə Emil Hüseynov futbolla vidalaşaraq, Rusiyaya işləməyə yollanıb və bazarda alverlə məşğul olub.

Müəllif | Apa.Tv
Apa.tv