AŞPA-da Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi qaldırıldı

Avropa Şurası Parlament Assambleyasının yaz sessiyasının birinci iş günündə çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva assambleyanı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırıb.

 

APA-nın Avropa müxbiri xəbər verir ki, AŞPA-nın bugünkü plenar iclasında məruzəçi Pedro Aqramundun AŞPA-nın fəaliyyətinə dair hesabatı müzakirə olunub. Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva çıxış edərək diqqəti Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsinə yönəldib: “Bilirsiniz ki, bir neçə ay əvvəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qurulmuş separatçı, heç bir ölkə tərəfindən tanınmayan və Ermənistan tərəfindən dəstəklənən rejim tərəfindən girov götürülən azərbaycanlılar Şahbaz Quliyev və Dilqəm Əsgərova qarşı bütün beynəlxalq normaları pozaraq insanlıqdan kənar əməllər həyata keçiriblər. Bütün beynəlxalq çağırışlara, o cümlədən Avropa Şurasında bir sıra həmkarlarımız tərəfindən edilən çağırışlara baxmayaraq, ötən sessiyadan keçən dövr ərzində heç bir dəyişiklik baş verməyib və o insanlar hələ də  girov saxlanılırlar. Onların ailələri Parlament Assambleyasından dəstək gözləyirlər. Onların azadlığa çıxması üçün təşkilatımızı səylərini daha da artırmağa və bu məsələnin də sənəddə öz əksini tapmasına çağırırıq”.

 

Qənirə Paşayeva Ermənistanın hələ də Azərbaycan torpaqlarını işğalda saxlamaqda davam etməsindən danışaraq Avropa Şurasını sərt addımlar atmağa çağırıb.

Müəllif | Apa.Tv
Apa.tv