Yeni aldıqları maşını körpüyə çırpdı: iki ölü

Şəkidə iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

 

APA TV-nin məlumatına görə, hadisə gecə saat 03.00 radələrində Şəkidən 15 km aralıda, Şəki-Qax avtomobil yolunun İnçə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Qax rayon sakini, 35 yaşlı Dəyanət Mustafayevin idarə etdiyi minik avtomobili Şin çayı üzərindəki körpünün beton səkisinə və dəmir məhəccərinə çırpılıb. Nəticədə avtomobildə olan Qax sakini, 27 yaşlı Orxan Züliyev aldığı xəsarətdən hadisə yerində ölüb. Ağır yaralanan sürücü isə Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya aparılarkən yolda keçinib. Zərbənin gücündən avtomobil deformasiyaya uğradığından, meyit FHN-in Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Qeyd edək ki, avtomobil Orxan Züliyevə məxsus olsa da, hadisə zamanı maşını Dəyanət Mustafayev idarə edib. Yaxınlarının verdiyi məlumata görə, Dəyanət və Orxan Bakıdan Orxan üçün yeni avtomobil alıb yaşadıqları Qax rayonuna gəlirlərmiş.


Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv