Respublika fənn olimpiadalarının final mərhələsi başa çatdı

Bu gün Respublika fənn olimpiadalarının final mərhələsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, tədbirdə təhsil naziri Mikayıl Cabbarov, ali məktəb rektorları, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, təhsil ekspertləri, məktəb direktorları, qabaqcıl müəllimlər, valideynlər, şagirdlər və media nümayəndələri iştirak ediblər.

 

Nazir Mikayıl Cabbarov deyib ki, bu il ölkədə fənn olimpiadalarının keçirilməsinə inqilabi dəyişiklər edilib: “2013-14-cü tədris ilində beynəlxalq və dünya olimpiadalarında 18 qızıl medal qazanılıb. İnanırıq ki, bu ilki uşaqların nəticələri daha da yüksək olacaq. Bu il olimpiadaya 22 min şagird qatılıb. Bu da ötən illə müqayisədə 4 dəfə çoxdur. Builki qaliblər ölkənin 23 bölgəsindən gəlib və bu da müxtəlif bölgələrdə istedadlı gənclərin yetişməsi üçün lazımlı şəraitin olmasından irəli gəlir. Qızıl medal qazanan şagirdlər respublikanın 14 bölgəsini təmsil edib və  bu da yüksək göstəricidir”.

 

Tədbirdə məlumat verilib ki, fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon məktəblərindən 450 şagird iştirak edib. Tədbirin sonunda Respublika fənn olimpiadalarının final mərhələsində I, II və III yeri tutan şagirdlərə diplom və medallar təqdim olunub, Təhsil Nazirliyi tərəfindən qaliblərə qiymətli hədiyyələr təqdim edilib.

 

 

Qeyd edək ki, Respublika fənn olimpiadalarının final mərhələsinin informasiya dəstəyi "APA Holding"ə məxsusdur.

Müəllif | Apa.Tv
Almaz Qasımova