Mikayıl Cabbarov: “Bakıda bütün dərslər və imtahanlar mayın sonunadək yekunlaşacaq”

Bakıda bütün dərslər və imtahanlar mayın sonunadək yekunlaşacaq. APA TV-nin xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

 

O bildirib ki, iyunun 12-də Bakıda İlk Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Nazirlər Kabineti dərslərin müddəti ilə bağlı qərar verib. Təhsil naziri qərarın icrasına dair əmr imzalayıb: "Əmrə əsasən, mayın sonunda dərslər, həmçinin ali və orta ixtisas məktəblərində imtahan sessiyaları başa çatdırılacaq. Bu, öncədən planlaşdırılmış addım idi. Həm ali, həm orta ixtisas, həm də orta məktəblərin rəhbərlərinin, eləcə də təhsil alanların bu barədə öncədən məlumatı var idi və bütün məlumatlar ictimaiyyətə təqdim edilib".

 

Nazir deyib ki, Təhsil Nazirliyi tərəfindən Azərbaycanda müəllimlərlə bağlı başlanan islahatın davamını təmin etmək üçün Nazirlər Kabinetinə  müvafiq təklif təqdim olunub. Hazırda rayonlarda müəllimlərin sınaq qiymətləndirilməsi ilə bağlı təkliflərə hökumət tərəfindən baxılır.

 

Nazir müəyyən şirkətlərin gəncləri xaricdə təhsilə cəlb etməsinə də toxunub: “Bir müddət öncə Təhsil Nazirliyinin yaydığı açıqlama Azərbaycanda fəaliyyət göstərən və pullu xidmət kimi xaricdə təhsili təklif edən şirkətlərlə bağlıdır. Açıqlamanın məqsədi ondan ibarət idi ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı"na qəbul aparmaq üçün Təhsil Nazirliyi heç bir şirkətlə əməkdaşlıq həyata keçirmir. Çünki bəzi hallarda sui-istifadə hallarına yol verilir, bəzi qurumlar və şəxslər bunu fərdi şəkildə təklif edir. Bu baxımdan biz faydalı hesab etdik ki, vətəndaşların diqqətinə bu məsələni çatdıraq".

Müəllif | Apa.Tv
Apa.tv