Heydər Əliyev prospektində əsas yol açıldı

Heydər Əliyev prospektində əsas yol ötən gecədən nəqliyyat vasitələrinin hərəkətinin bərpası üçün tam hazır vəziyyətə gətirilib.

 

APA TV-nin məlumatına görə, yolda xətləmə işləri aparılıb, yeni nişanlar quraşdırılıb.

 

“Azəryolservis” ASC-dən APA TV-yə verilən məlumata görə, yola vurulan rənglər tam qurumadığından, əsas yolun təmirdən sonra istifadəyə verilməsi səhərə qədər təxirə salınıb və səhər saatlarında yol tam açılıb.

 

Heydər Əliyev prospekti əsas yolda hər iki istiqamətdə asfalt-beton örtüyü, səki daşları dəyişdirilib, işıq dirəkləri rənglənib, yerüstü piyada keçidi yenidən qurulub. Zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub.

 

Əsas yol açıldıqdan sonra Heydər Əliyev prospekti köməkçi yolun Böyükşor yol qovşağından Heydər Əliyev Mərkəzinə qədər olan hissəsində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülərə alternativ olaraq Heydər Əliyev prospekti əsas yoldan və Ziya Bünyadov prospektindən istifadə etmələri tövsiyə olunur.

 

Qeyd edək ki, Heydər Əliyev prospektindəki təmir Avropa Oyunları ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlər çərçivəsində aparılır. 

Müəllif | Apa.Tv
Apa.tv