Davudoğlu 1915-ci il hadisələri ilə bağlı ermənilərə başsağlığı verdi

Ötən axşam Türkiyə Nazirlər Şurasının toplantısı keçirilib. Toplantıdan sonra Türkiyənin baş naziri Əhməd Davudoğlu qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatla çıxış edib.

 

APA TV-nin məlumatına görə, yazılı bəyanatda deyilir ki, Osmanlı imperatorluğunun son illərində əsrlərdir sülh və qardaşlıq içərisində yaşamış fərqli etnik və dini kökdən bir çox Osmanlı vətəndaşı hafizələrdə dərin izlər buraxan böyük acılar yaşayıb: "Birinci Dünya müharibəsi illərində bu acıları yaşayan, fərqli etnik və dini kökə mənsub olan millətlərin nəvələri olaraq yaşananları anlayır, həyatını itirən günahsız Osmanlı ermənilərini sayğı ilə anır və nəvələrinə başsağlığı veririk".

 

Əhməd Davudoğlu bəyan edib ki, tarix siyasətə alət edilməməlidir. Onun sözlərinə görə, Birinci Dünya müharibəsi illərində baş verənlərin məsuliyyətini yalnız türk millətinin üzərinə yükləmək, hətta bunu nifrətlə birləşdirmək həm vicdan, həm də hüquq baxımından qüsurludur.

 

Baş nazirin müavini Bülənd Arınç Nazirlər Şurasının toplantısından sonra jurnalistlərin qarşısına çıxıb və o da erməni iddialarına cavab verib. Bülənd Arınç bəyan edib ki, Türkiyənin tarixində belə bir qara səhifə yoxdur.

 

Avropa Parlamentinin ardınca ABŞ və ya başqa ölkə parlamentlərində də qondarma "erməni soyqırımı" ilə bağlı oxşar qərarların qəbulu ehtimalı barədə sualı cavablandıran Bülənd Arınç deyib ki, Türkiyə rəsmiləri bu günədək inandıqları doğruları söyləməkdən çəkinməyəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv