Gənc qızın planşetini əlindən alanlar tutuldu

Bakıda ilin əvvəlində törədilmiş soyğunçuluğun üstü açılıb. Soyğunçuları gənc qadının əlindən aldıqları və öz malları kimi işlətdikləri planşet ələ verib.

 

APA TV-nin məlumatına görə, hadisə "Azadlıq" metro stansiyasının yaxınlığında baş verib.

 

Neftçala rayon sakini, 22 yaşlı İsmət Süleyman oğlu Abbasov və Ağsu rayon sakini, 20 yaşlı Röyal Qədir oğlu Mehdiyev Türkan Məmmədovaya qarşı soyğunçuluq etməkdə şübhəli bilinərək saxlanılıblar. Onlar istintaqa ifadələrində törətdikləri əməli etiraf ediblər. Pula ehtiyacları olduğu üçün bu yola əl atdıqlarını deyən İsmət Abbasov zərərçəkmişi 155 saylı marşrut avtobusunda müəyyənləşdirdiklərini deyir.

 

Zərərçəkmiş Türkan Məmmədova "Azadlıq" metro stansiyasının yaxınlığında avtobusdan düşüb. Dostlar da onun arxası ilə gediblər.

 

Qız ara küçəyə girəndə dostlar öz planlarını həyata keçiriblər. Lakin onlar ifadələrində təqsiri bir-birinin üstünə atıblar.

 

Polis planşeti maddi sübut kimi götürüb. Qeyd edək ki, dostlar soyğunçuluq yolu ilə əldə etdikləri planşetdən istifadə etmələri nəticəsində ifşa olunublar.

 

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv