Ukrayna-ABŞ birgə hərbi təlimləri başladı

Ukraynanın Lvov şəhəri yaxınlığındakı hərbi poliqonda Ukrayna-ABŞ birgə hərbi təlimlərinin açılış mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, ukraynalı əsgərlərə təlim keçmək üçün ölkəyə gələn 300 amerikalı hərbçinin də qatıldığı mərasimdə prezident Pyotr Poroşenko, daxili işlər naziri Arsen Avakov, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Viktor Mujenko və ABŞ diplomatları iştirak ediblər.

 

Pyotr Poroşenko birgə təlimləri "Ukrayna-ABŞ münasibətlərində yeni mərhələ" adlandırıb. O, ölkənin şərqində baş verənlərdən də danışıb və deyib ki, bu, təkcə Ukraynaya qarşı yox, Avropada və dünyada azadlıq və demokratiyaya qarşı açılan savaşdır.

 

Poroşenko bildirib ki, ABŞ-la birgə təlimlər Ukraynanın şərqində sülhün bərqərar olmasına da yardım edəcək.

 

Qeyd edək ki, 300 amerikalı hərbçi 6 ay ərzində ukraynalı əsgərlərə təlim keçəcək. Üç mərhələdən ibarət təlimdə 900 ukraynalı əsgər iştirak edəcək. 

Müəllif | Apa.Tv
Apa.tv