ABŞ Ukraynaya 1 milyard dollar yardım edəcək

ABŞ 2015-ci ildə dəstək üçün Ukraynaya kredit zəmanəti çərçivəsində 1 milyard dollar ayırmağa hazırdır.

 

APA TV-nin "Reuters"ə istinadən verdiyi məlumata görə, ABŞ-ın vitse-prezidenti Cozef Bayden Ukraynanın dövlət başçısı Pyotr Poroşenkonu bu barədə məlumatlandırıb.

 

Bayden həmçinin Donbasda baş verən hadisələr nəticəsində qaçqın düşmüş vətəndaşlara humanitar yardım edilməsi ilə bağlı hazırlıqlara başladıqlarını açıqlayıb. ABŞ tərəfi Ukraynaya humanitar yardım məqsədilə 17,7 milyon dollar təklif edib.

 

Xatırladaq ki, bir müddət öncə amerikalı milyarder Corc Soros da Ukraynaya 1 milyard dollar investisiya qoymağa hazır olduğunu bildirib. O, bunu ABŞ-ın Ukraynada həyata keçirdiyi siyasətə dəstək kimi səciyyələndirib. Ümumiyyətlə, Qərbin maliyyə institutları Ukraynaya 40 milyard dollar həcmində yardım göstərməyə razılıq veriblər, bunun 17,5 milyardı Beynəlxalq Valyuta Fondu tərəfindən ödəniləcək. BVF bu məbləğin 5 milyardını bu ilin mart ayının ortalarında ödəyib. Avropa İttifaqı isə Kiyevə 1,8 milyard dollar həcmində yardım edib. Nəzərdə tutulan maliyyə yardımının iki il yarım müddətində tam ödəniləcəyi qərara alınıb. Ukrayna isə bu məbləği kredit şəklində ən gec 15 il müddətində qaytaracaq.

Müəllif | Apa.Tv
Apa.tv