Avropanın ən müasir ATICILIQ MƏRKƏZİNDƏN REPORTAJ

Bakı Atıcılıq Mərkəzi... Bir zamanlar Azərbaycanda belə tikilinin olacağını desəydilər, bəlkə də inanmazdıq. Amma indi bu mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biri hesab edilir. Çünki ilk dəfə olaraq məhz burada idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün meydançalar bir kompleksdə birləşib. Eyni zamanda şəhər mərkəzinə yaxınlıq da Bakı Atıcılıq Mərkəzini Avropanın analoji idman mərkəzləri arasında ilk pilləyə qaldırıb.   

 

Hazırda kompleksdə təhlükəsizliklə bağlı işlər görülür və mayın 1-dən mərkəz istifadəyə tam hazır olacaq.

 

2014-cü ildə tikintisinə başlanılan Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır.

 

Bakı Atıcılıq Mərkəzinin baş planına əsasən, ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Bu idman obyektinin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılıb.

 

Mərkəzin güllə atıcılığı binasında idmançıların və tamaşaçıların istirahəti üçün funksional sahələr, o cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var.

 

Mərkəzin baş meneceri Voran Natan jurnalistlərə açıqlamasında bütün atış sahələrinin sınaqdan keçirildiyini və testlərin uğurla başa çatdığını deyib. Onun sözlərinə görə, 300 metr məsafədə güllə atışı üçün şərait olsa da, Avropa Oyunları zamanı bu idman növündən istifadə olunmayacaq: "Burada müxtəlif məsafələrə atışlar eyni zalda həyata keçirilə bilər. Atıcılıq yarışlarını izləmək istəyənlər tək biletlə yalnız bir yarışa baxa biləcək. Yəni stend atıcılığı yarışı üçün bilet alan tamaşaçı güllə atıcılığı zalında əyləşə bilməyəcək və ya əksinə".

 

Güllə atıcılığı sahəsində 10, 25 və 50 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçiriləcək. Güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb.

 

Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı mübarizə aparacaq.

 

10 və 50 metrlik məsafəyə yarımqapalı atış tirində 10 idmançı eyni vaxtda yarışa bilər. Burada VİP qonaqlar və media nümayəndələri də daxil olmaqla 400-dən artıq tamaşaçı yarışları izləyə biləcək.

 

Stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşqlər keçiriləcək.

 

Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa edilib. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətləri üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var.

 

Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalması üçün mehmanxana binası da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqların istirahəti üçün yüksək şərait yaradılıb. Binada həmçinin inzibati otaqlar da fəaliyyət göstərir.

 

Yarışı izləmək istəyən azarkeşlərin Mərkəzə gəlməsi isə elə də çətin olmayacaq. Çünki arenaya yeni avtomobil yolu çəkilib və Oyunlar zamanı buraya yeni marşrut xəttinin də açılması da gözlənilir. Bakının mərkəzindən şərqdə, avtomobillə 30 dəqiqəlik məsafədə yerləşən obyektdə 495 avtomobil yerlik yerüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa edilib.

 

Mərkəzin kənarlarında təhlükəsizlik işləri ilə bərabər yaşıllıq zolaqları da salınır. Baş menecer bütün işlərin təxminən 10 faizinin qaldığını da sözlərinə əlavə edib.

 

Beləliklə, belə müasir idman kompleksinin istifadəyə verilməsi “Bakı-2015” Birinci Avropa Oyunları zamanı bu idman növləri üzrə də yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq.

 

Müəllif | Apa.Tv