"Qarabağ tədqiqatları" mövzusunda konfrans keçirildi

Bu gün Bakıda Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu və Dövlət İdarəçilik Akademiyasının təşkilatçılığı ilə Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr edilən "Qarabağ tədqiqatları" mövzusunda konfrans keçirilib.

 

APA TV-nin xəbərinə görə, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxışında Azərbaycanın Dağlıq Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.

 

Daha sonra Respublika Ağsaqqal Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, Azərbaycan indi dünya miqyasında inkişaf edən ölkələr sırasındadır. O qeyd edib ki, bu gün Azərbaycanın düşmənləri çoxdur, ona paxıllıq edir, nailiyyətlərini qəbul etmək istəmirlər: “İkili standartlarla çıxış edənlər Dağlıq Qarabağda azərbaycanlılara qarşı törədilənləri qəbul etmək istəmirlər. Bu torpaqların azad olunmasını arzulamırlar. Əslində isə hər kəs Azərbaycan torpaqların işğal olunduğunu, 1 milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu bilir. Bu faktları bəzən üzə deyənlər sonradan ikili standart nümayiş etdirərək fikirlərini davam etdirmirlər. Torpaqların qaytarılması üçün heç kəs təşəbbüs göstərmək istəmir. Yalnız özümüz prezident İlham Əliyevin səyi ilə və onun ətrafında birləşərək Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilərik".

 

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli qeyd edib ki, artıq Azərbaycan hücum taktikasını elmi əsaslarla həyata keçirməyə başlayıb. Tədbirin davamında müxtəlif mövzular ətrafında məruzələr dinlənilib. Konfrans materialları kitab şəklində çap olunacaq.

Müəllif | Apa.Tv
Apa.tv