Azərbaycan prezidenti Birinci Moskva Dövlət Tibb Universitetinin rektorunu qəbul edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkonu qəbul edib.

 

APA TV-nin məlumatına görə, Pyotr Qlıboçko Bakıda gedən çox böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını vurğulayıb. O, ölkəmizin müvafiq strukturları ilə əməkdaşlığa toxunaraq rəhbərlik etdiyi təhsil ocağında xeyli sayda azərbaycanlı tələbənin uğurla təhsil aldığını qeyd edib.

 

Prezident İlham Əliyev Azərbaycanda təhsilə dövlət səviyyəsində böyük qayğının göstərildiyini qeyd edərək, bu sahənin ölkəmizin inkişafının əsas prioritetlərindən biri olduğunu vurğulayıb, gənc nəslin hərtərəfli inkişafı istiqamətində, o cümlədən peşəkar tibb kadrlarının yetişdirilməsi sahəsində ölkəmizdə genişmiqyaslı işlərin həyata keçirildiyini bildirib.

 

Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti ilə Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Müəllif | Apa.Tv
Apa.tv