Çavuşoğlu: "Ankara İrəvanla əlaqələri inkişaf etdirməyin tərəfdarıdır"
"Ankara İrəvanla əlaqələri inkişaf etdirmək istiqamətində başladılan siyasi kursu davam etdirməyin tərəfdarıdır".
APA TV-nin "Anadolu" agentliyinə istinadən verdiyi məlumat görə, bu açıqlamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu verib.
"Biz Ermənistanla açılım siyasətindən imtina etməyəcəyik. Bu nə indi, nə də sonra baş verməyəcək" - deyə diplomat ABŞ paytaxtına səfəri çərçivəsində Karnegi Mərkəzində etdiyi çıxışda bildirib. O təəssüflə vurğulayıb ki, Türkiyə prezidenti və baş nazirinin 1915-ci il hadisələri zamanı ermənilərin qətlə yetirilməsi ilə əlaqədar başsağlığı bəyanatlarına erməni tərəfi heç bir qarşılıq verməyib: "Biz çalışırıq ki, iki qonşu xalq aralarındakı problemləri müstəqil və qarşılıqlı razılıq şəraitində çözsün. Tarixi faktlar mütləq araşdırılmalı, Dağlıq Qarabağ problemi həll olunmalıdır".
Xatırladaq ki, hazırda Türkiyə ilə Ermənistan arasında heç bir diplomatik əlaqə mövcud deyil və sərhədlər bağlıdır. Mövcud vəziyyətə səbəb Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bunun nəticəsində Ankaranın Bakının mövqeyini dəstəkləməsi və ermənilərin 1915-ci ildə onlara qarşı "soyqırımı" siyasəti aparılması iddialarıdır.