89 yaşlı qadını maşın vurub öldürdü
Mingəçevir şəhərində piyadanın ölümü ilə nəticələnən avtomobil qəzası baş verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə şəhərin N.Nərimanov küçəsində, “Dostluq” parkının qarşısında qeydə alınıb.
Şəhər sakini, 1990-cı il təvəllüdlü Elvin Canpolad oğlu Qarayev idarə etdiyi “VAZ-21015” markalı minik maşını ilə yolu keçən piyada, Heydər Əliyev prospekti, ev 36, mənzil 30-da yaşayan 89 yaşlı Səidə Bəhərçin qızı Cəlilovanı vurub. 89 yaşlı qadın aldığı xəsarətlər səbəbindən Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.