Azərbaycanla İran arasında müştərək müdafiə komissiyası yaradılacaq

Azərbaycanla İran arasında müştərək müdafiə komissiyası yaradılacaq. APA TV-nin məlumatına görə, bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin İranın müdafiə naziri Hüseyn Dehqanın Azərbaycana səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

 

Səfir bildirib ki, bu komissiyaya Azərbaycan və İranın müdafiə nazirlərinin rəhbərlik etməsi qərarı alınıb: “İki ölkə Müdafiə nazirlikləri arasında müzakirələr bu komissiya çərçivəsində aparılacaq və təkliflər irəli sürüləcək. Komissiya təhlükəsizlik məsələləri, regionun təhlükəsizliyi və sair istiqamətdə fəaliyyət göstərəcək”.

 

Diplomat qeyd edib ki, İranın müdafiə nazirinin Azərbaycanda keçirdiyi görüşlərdə ikinci əsas mövzu regional məsələlər olub: “Dünyada və regionda bəzi məsələlər var ki, bizim ölkələrimizə də təsir edir. Xüsusi olaraq bölgəni və ölkələri təhdid edən “İŞİD” qruplaşması, “Əl-Qaidə” ilə bağlı məsələlər müzakirə edilib, fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, dini radikalizm sahəsində birgə addım atılsın və lazımi tədbirlər həyata keçirilsin”.

 

İki ölkə arasında iqtisadi əlaqələrə toxunan səfir qeyd edib ki, İran hazırda Rəşt-Astara dəmiryol xəttinin inşası üçün sərmayələrin cəlbi ilə məşğul olur. Onun sözlərinə görə, bu yol çox əhəmiyyətli hesab edilir və şimalla cənubu birləşdirəcək əhəmiyyətli dəhliz hesab olunur: "Şimal-cənub dəhlizində iştirak edən bütün ölkələr bu layihədə iştirak etməli və onu dəstəkləməlidirlər. Biz bu məsələni İslam İnkişaf Bankı və İqtisadi Əməkdaşlıq Təşkilatının (EKO) tərkibində olan bankda qaldırmışıq və planın həyata keçməsi üçün lazım olan sərmayələrin cəlbi istiqamətində çalışacağıq. Çindən bəzi şirkətlər tikintiyə maraq göstərir və burada pay sahibi olmaq istəyirlər. İranla Rusiya arasında da müzakirələr gedir. Ümid edirəm ki, bu müzakirələr tezliklə müsbət nəticələnəcək. Həmçinin İranla Azərbaycan arasında Astara körpüsünün salınmasına dair razılıq əldə olunub”.

Müəllif | Apa.Tv
Apa.tv