29 əlill Türkiyəyə müalicəyə göndərilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 29 nəfər əlilliyi olan şəxsi Türkiyəyə bərpa müalicəsinə göndərib. APA TV-nin məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanına toplaşan əlilləri nazirliyin rəsmiləri yola salıb. Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, bu il 190 nəfər şəxs müalicə üçün xaricə göndəriləcək: “Bu keçən illə müqayisədə 20 faiz çoxdur. 27 nəfər müalicə alıb, qalan may ayı ərzində 115 nəfərlik iki qrup gedəcək. İyun ayında isə sağlamlıq imkanları məhdud uşaqlar göndəriləcək. 21 günlük müalicə müddətində əlillərin müalicəsinə nəzarət etmək üçün nazirlik tərəfindən həkim də ezam olunub”.
Həkim terapevt Dilqəm Eyvazov müalicənin aparılacağı yer haqqında geniş məlumat verib: “Ora təbii vannalar, mineral maddələrlə zəngin yerdir. İdman zalları, masaj, parafinlər var”.
Onlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçəcəklər. 5 ulduz oteldə yerləşdiriləcək sağlamlıq imkanları məhdud şəxslər səhhətlərində yaxşılaşma olacağına ümidlidirlər.
Qeyd edək ki, həmin müəssisədə müalicə olunan əlilliyi olan şəxslərdən ibarət qrup bu gün vətənə qayıdır.