Ərəb koalisiyası Yəməndə hava əməliyyatını başa çatdırdı
Ərəb ölkələri koalisiyası bütün məqsədlərə nail olaraq Yəməndə hərbi əməliyyatı sona çatdırıb.
APA TV-nin “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə müttəfiq qüvvələrin komandanlığının bəyanatında bildirilir. Bəyanat Səudiyyə Ərəbistanı dövlət televiziyasının efirində səsləndirilib.
Xəbərdə deyilir ki, "Qərarlılıq fırtınası" adlanan əməliyyatda koalisiya istədiyi hərbi nəticəni əldə edib. Yeni hədəflərə çatmaq üçün "Ümidin yenidən başlanması" adlı hərbi əməliyyatlara start veriləcək.
Bundan əvvəl Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi koalisiyanın hava zərbələri nəticəsində üsyançı husilərin və sabiq prezident Əli Abdulla Salehin malik olduğu ballistik silahın məhv edildiyini qeyd edib.
Qeyd edək ki, husi üsyançıları Yəməndə hakimiyyəti ələ keçirdikdən sonra ərəb ölkələri hava əməliyyatlarına başlayıblar.