Jirinovski Medvedevə gübrəli armud yeməyi təklif etdi

Rusiya Dövlət Dumasının üzvü, Rusiya Liberal-Demokratik Partiyasının lideri Vladimir Jirinovski hökumət başçısı Dmitri Medvedevə nitratlı armud yeməyi təklif edib.

 

APA TV-nin məlumatına görə, Dövlət Dumasının iclasında baş nazir ötən ilin hesabatını verdikdən sonra Jirinovski xaricdə istehsal edilən nitratı bol olan armud nümayiş etdirib. Həmin armud salfetə bükülmüş halda olub.

 

"Budur salfet. Sizin hökumət aparatınız İsveçrədən alır. Nədir? Bizim toxucularımız, İvanovodan olan qadınlar belə salfetləri özləri düzəldə bilmirlər?" - deyə Jirinovski bildirib.

 

Jirinovski deyib ki, Rusiya armudu Polşa, Argentina, Türkiyə, Belçika və Hollandiyadan alır: "Bu armud nitratların təhlükəli konsentrasiyasını özündə saxlayır. Bunlarla bütün ölkəni zəhərləyirlər".

 

Daha sonra Jirinovski Medvedevə yaxınlaşıb və ona bu armudu yoxlamağı təklif edib. Baş nazir isə armudu yeməkdən imtina edib.

 

Müəllif | Apa.Tv
Apa.tv